Məktəblilər respublika fənn olimpiadalarının ilk mərhələsində iştirak etdilər

Fənn olimpiadalarının keçirilməsi paytaxt və rayon məktəbliləri üçün ildən ilə daha maraqlı və şagirdlərin, valideynlərin və müəllimlərin böyük həvəslə gözlədiyi bir tədbirə çevrilib. Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Təhsil Nazirliyinin informasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorundan GreenPen.az-a verilən məlumata görə bu bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib. Bakı şəhərində isə 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.  Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır. Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayevdən alınan məlumata görə, fənn olimpiadaları tam şəffaf keçirilir. İldən- ilə fənn olimpiadalarına məktəblilərin maraqları artır və onlar daha yüksək nailiyyətlər əldə edirlər. Ümid edirik ki, bu il də belə olacaq. Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcəkdir. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

GreenPen.az