Elçin Sərdarov
İctimaiyyətlə əlaqələr sahəsində
institusional inkişaf üzrə koordinatoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvi
Bu gün Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəbində “Yaşıl qələm” Təhsil şəbəkəsinin informasiya dəstəyi ilə 3 dekabr –Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri açan 4 saylı Respublika xüsusi internat məktəbinin direktoru Vəfa Seyidova müəllimləri və şagirdləri Beynəlxalq Əlillər gününün mahiyyəti haqqında məlumatlandıraraq, cəmiyyətimizdə sağlamlıq imkanları məhdud olan uşaqlara, gənclərə, yaşlılara diqqətin daha da artırılması, xalqımızda insanlara qarşı olan mərhəmət hissinin qorunub saxlanılmasının vacibliyini vurğuladı. Çıxışında uşaqların bərabər və ədalətli cəmiyyətdə yaşamaq hüquqları olduğunu söyləyən Vəfa Seyidova dövlətimizin və Heydər Əliyev Fondunun internata göstərdiyi qayğısını xüsusi olaraq qeyd etdi.
İnternat müəllimlərinin və şagirdlərinin qarşısında çıxış edən Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov BMT-nin Baş Assambleyasının qətnaməsi ilə dünyada hər il qeyd edilən Beynəlxalq Əlillər Günü haqqında məlumat verərək əlillər üçün inklyuziv mühitin yaradılmasının və sosial bərabərliyin vacibliyini vurğuladı. O, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlara ana və ata qayğısı göstərən İnternat müəllimlərinə və rəhbərliyinə bir vətəndaş olaraq səmimi təşəkkürünü bildirdi. E.Sərdarov məktəblilərə müraciət edərək onları həyatda fəal olmağa, öz istedadlarını nümayiş və inkişaf etdirməyə çağırdı. Bu işdə Sizə internatımızın peşəkar müəllimləri və dərnək rəhbərləri, Təhsil Nazirliyi, AZƏRTAC-ın Uşaq Bilik Portalı, “Yaşıl qələm” Təhsil Şəbəkəsi və digər saytlar kömək edə biləcəklər deyə bildirdi.
Tədbirdə çıxış edən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəbinin Tədris işləri üzrə direktor müavini Yeganə Məmmədəliyeva Beynəlxalq Əlillər günündə dünyada əlilliyi olan şəxslərin sosial, mədəni, təhsil, səhiyyə və digər problemlərinin cəmiyyətin diqqət mərkəzində olduğunu, dünya əhalisinin 10 faizinin fiziki cəhətdən qüsurlu insanların təşkil etdiyini bildirdi. Onların 20 faizinin inkişaf etməkdə olan ölkələrdə yaşadıqlarını qeyd edərək ölkəmizdə bu insanlara qarşı sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımların atılması, onların sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söhbət etdi.
Y.Məmmədəliyeva ölkəmizdə 18 yaşa çatmamış 60 minə yaxın müxtəlif səbəbdən əlilliyi olan uşaqların olduğunu, onların bir çoxunun təhsilə, müxtəlif xidmətlərə cəlb edildiyini, həmçinin 18 yaşdan yuxarı gənclərin cəmiyyətə inteqrasiyası və uşaqlıq dövründə əldə etdikləri bilik və bacarıqları realizə etmələri, işlə təmin olunmalarının hələdə problem olaraq qaldığını söylədi. Lakin, 15-20 il bundan əvvəlki illərə nəzər salsaq görərik ki, əlilliyi olan insanlara qarşı münasibətdə, steriotiplərin aradan qaldırılmasında, yaranan xidmətlərin istiqamətlərində, müəssisələrdə müsbət dəyişikliklər var. Bu isə əlilliyi olan insanların ictimai yerlərdə tez-tez görünməsinə, müxtəlif sərgilərdə, sosial-mədəni layihələrdə sərbəst iştiraklarına və kənar insanların daha da humanist və anlayışlı münasibət göstərməsinə böyük töhvə verdiyini bildirdi.
Yeganə xanım vurğuladı ki, məktəbdə 106 sağlamlıq imkanları məhdud uşaq təhsil alır və onların hər birinin müxtəlif sahələrdə istedadları var. Bizim vəzifəmiz isə həmin bacarıqları müəyyən etmək və inkişaflarına dəstək olmaqdır. Onun fikrincə, hər bir uşaq sosial statusundan, irqindən, milliyyətindən, sağlamlıq imkanından asılı olmayaraq ilk növbədə vətənimizə layiqli vətəndaş kimi böyüməli və bu sahədə məktəb kollektivi də sevərək çalışır.
Tədbirin sonunda uşaqlar öz istedadlarını şerlə, rəqslə və mahnı oxumaqla göstərdilər. Qonaqlara internatda müxtəlif uşaq evlərindən göndərilmiş kimsəsiz uşaqların — Qrişanov Vadimin toxuculuq və xalçaçılıq dərnəklərində hazırladığı əl işləri, Əliyev Fəqanın Kiprdə keçirilən “Yüngül atletika” yarışlarında aldığı gümüş medalı nümayiş etdirildi. Həmçinin Omanova Nazpərinin məktəbin qızlararası basketbol komandasındakı uğurlarını, Əhmədova Elanənin rəqs etmək və şeir demək bacarıqlarının olmasını bildirdilər.
Tədbirdə həmçinin digər istedadlı uşaqlar — Xayrulin Filiz, Xayrulina Nailə, Babayev Füzuli, Ağarəhimov Emil, Bağırova Gülnarə, Bağırova Elnarə, Qasımov Qoşqar, Məmmədova Yamən, Əliyev Fəqan, Malayeva Ləman, İmanova Könül, Cəlilov Ramiz, Həsənov Sarıbəy, Hüseynov Hüseyn və Rzayev Ağa iştirak edirdilər.
Bu fəxr ediləsi uşaqların əl işlərinin hazırlanmasında iştirak edən fədakar müəllimləri də qeyd etmək istərdim. Bunlar, Abbasov Sərxan Əsəd oğlu, Əliyeva Səadət Həmzə qızı, Tapdıqova Raisə Məhəmməd qızı, Xankişiyev Rafiq Hüseyn oğlu, Hümbətov Vəli Rza oğlu, Hüseynova Mehriban Oruc qızı, Əliyev Nəsib Habil oğludur.
Sonda E.Sərdarov Uşaqlara sağlam həyat və uğurlu həyat yolu, müəllimlərə isə gördüyü işlərdən zövq almağı və yeni imkanlar arzuladı.