Noyabrın on ikisində Azərbaycan Keyfiyyət Assosiasiyası Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilatı köməkliyi ilə Azərbaycan Texnologiya Universitetində “Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tətbiqi və təşviqi” layihəsi çərçivəsində təlim-seminarı keçirdi. İnteraktiv formada keçirilən təlimdə Universitet rəhbərliyi, müəllimləri və tələbələri iştirak etdilər.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin elm və beynəlxalq əlaqələr üzrə prorektoru Səbuhi Yusifov açılış nitqində Azərbaycan Texnologiya Universiteti haqqında məlumat verdi və “Açıq hökumət” konsepsiyasının mahiyətini görüş iştirakçılarına izah etdi. Sonra Azərbaycan Keyfiyyət Assosiasiya İctimai Birliyinin sədri Samir Novruzov təşkilatın Universitetlə əməkdaşlığından, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Assosiasiya tərəfindən həyata keçirilən “Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tətbiqi və təşviqi” layihəsi haqqında söhbət etdi. Tədbirə dəvət edilən Təhsil Nazirliyinin informasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov təqdimatla çıxış edərək “Açıq hökumət” konsepsiyası çərçivəsində Təhsil Nazirliyində görülən işlər haqqında, nazirliyin saytı, e-müraciət, məlumat mərkəzinin fəaliyyəti, e-resurs.edu.az, xaricdetehsil.edu.gov.az, maarifçi qht-lərlə təşkil edilən aylıq informasiya görüşləri haqqında məlumat verdi.
Keçirilmiş təlimin məqsədi təhsilalanları və müəllimləri elektron təhsil resurslarla tanış etmək və onlardan istifadə etməyi öyrətməklə təhsil sektorunda “Açıq hökümət” konsepsiyasının tətbiqi və təşviqinə dəstək vermək idi.
Təlimin əvvəlində iştirakçıların “Açıq hökumət” konsepsiyası və təhsil sahəsində elektron resurslar haqqında məlumatlılığın səviyyəsinin öyrənilməsi üçün sorğu keçirildi. Hər bir təqdimatdan sonra təlim iştirakçıları diskussiyalarda iştirak etdilər. Təlim iştirakçıları e-resurslardan məlumat əldə edilməsində vacib olan addımları qeyd etdilər və bu işdə çətinliklərlə bağlı məlumatlarla bölüşdülər.
Onların fikrincə, ali təhsil müəssisələrinə aid elektron dərslik saytının yaradılması və yaxud mövcud sayta müasir dərsliklərin və onların təcrümələrinin daxil edilməsi məqsədəuyğun olardı.
Tədbir iştirakçıları azərbaycan dilində olan saytlarda ədəbiyyatın və digər resursların az olduqlarını, materialların yüklənilməsində problemlərin olduğunu, elektron dərsliklərin azlığını, internetin məhdud olmasını və zəyif işləməsini, bəzi tələb olunan dərsliklərin elektron versiyalarının olmamasını, saytlarda isifadə olunan terminlərdə fərqliliyini və digər çətinlikləri qeyd etdilər.
Azərbaycan Texnologiya Universitetin “İdarəetmə” kafedrasının baş müəllimi İnqa-Xan Xoyskaya Azərbaycan Keyfiyyət Assosiasiyası ictimai birliyinin təşəbbüsü ilə keçirilmiş tədbirə görə təşkilatçılara öz təşəkkürünü bildirdi. “Azərbaycanda təhsil resurslarının öyrənilməsinə təkan verəcək “Elektron hökumətə” aid təlim — seminar maraqlı keçdi. Təhsil Nazirliyinə təklif etmək istərdim ki, məktəblərdə yuxarı sinif şagirdlərini ali təhsil müəssisələrinə daxil olmaları üçün seçəcəkləri ixtisaslarla – qruplarla bağlı nümayəndələrlə görüşlərin təşkil edilməsi ilə bağlı göstəriş verilsin. Bu görüşlər gənc öğlanların və qızların gələcək peşələri haqqında düzgün təsəvvürlərin olmasına, peşəyönümlü işin daha yaxşı təşkilinə köməklik edəcək”- universitet müəllimi dedi.
Tələbələr və müəllimlər bəzi elektron resurslarda materialların yüklənməsində ləngimələr olmasını, ali təhsil və xaricdə təhsilə aid daha geniş və ətraflı məlumatların olmasının vacibliyindən və tələbələr üçün yeni resursların olmasını arzu etdilər.
Təlim çərçivəsində iştirakçılara Azərbaycan Keyfiyyət Assosiasiyasının fəaliyyəti haqqında, E-resurs.edu.az, Video-edu.az, E-olimp, intellektual oyunlar, Valideyn.az, GreenPen.az, Community.az yerli və xarici elektron təhsil resursları, həmçinin “Elektron hökumət” portalının imkanları və istifadəsi haqqında məlumat verildi. Həmçinin, tədbir iştirakçıları ilə birlikdə müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı elektron baza, “Ali təhsil sisteminin Avropa Ali Təhsil məkanına daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə həyata keçirilən Tvinninq layihəsi və onun saytı haqqında fikir mübadiləsi aparıldı.
Tədbirin sonunda tədbir iştirakçılarına təhsil resurslara aid film nümayiş etdirildi.
GreenPen.az