Bu gün Azərbaycan Keyfiyyət Assosiasiyası Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilatı köməkliyi ilə “Tərəqqi“ Humanitar — texniki Liseyində “Təhsil sektorunda “Açıq hökümət” konsepsiyasının tədbiqi və təşviqi” layihəsi çərçivəsində təlim-seminarı keçirdi. İnteraktiv formada keçirilən təlimdə Lisey şagirdləri, valideynlər və müəllimlər iştirak etdilər.
Tədbirdə “Tərəqqi” Humanitar-texniki liseyinin direktoru Məhbubə Məmmədovanın açılış nitqindən sonra Azərbaycan Keyfiyyət Assosiasiya İctimai Birliyinin sədr müavini Hikmət Rəcəbov, Təhsil Nazirliyinin informasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov, təlimçi — məsləhətçilər Aynurə Rəşidova, Elgün Qəhrəmanov və Ramin Abdullayev təqdimatlarla çıxış edib, görüş iştirakçılarının suallarını cavablandırdılar. Təlimin məqsədi təhsilalanları, müəllimləri və valideynləri elektron təhsil resurslarla tanış etmək və onlardan istifadə etməyi öyrətməklə təhsil sektorunda “Açıq hökümət” konsepsiyasının tədbiqi və təşviqinə dəstək vermək idi.
Təlimin əvvəlində iştirakçıların “Açıq hökumət” konsepsiyası və təhsil sahəsində elektron resurslar haqqında məlumatlılığın səviyyəsinin öyrənilməsi üçün sorğu keçirildi. Hər bir təqdimatdan sonra təlim iştirakçıları qrup işlərində iştirak edib, təkliflər hazırladılar.
Təlim iştirakçıları e-resurslardan məlumat əldə edilməsində vacib olan addımları qeyd etdilər və bu işdə çətinliklərlə bağlı məlumatları bölüşdülər.
Onların fikrincə, təhsilə aid daha çox resurslara, e-kitablarla bağlı məlumatlara və xidmətlərə ehtiyac duyulur, həmçinin, xarici portallardan məlumatları azərbaycan və digər dillərə tərcümə etmək üçün tərcümə proqramların inkişaf etdirilməsi vacibdir.
Məktəblilər və müəllimlər bəzi elektron resurslarda materialların yüklənməsində ləngimələr olmasını, Azərbaycan orfoqrafiya və orfoepiya qaydalarının tez-tez dəyişməsini, antivirus proqramlarının gücləndirilməsinə ehtiyac olduğunu bildirdilər. Qrup işlərini təqdim edən təlim iştirakçıları bəzi informasiya kommunikasiya texnologiyalarının texniki nasazlıqlarının aradan qaldırmasını və resursların azərbaycan dilində daha çox yaradılmasını təklif ediblər. Təlimdə iştirak edən müəllimlər etibarlı mənbələrdən istifadə edilməsini, inf.az resursların yaradılmasını, yalnız 1-ci sinif qəbulunun elektron formada aparılmasını tövsiyə ediblər.
Təlim çərçivəsində iştirakçılara Azərbaycan Keyfiyyət Assosiasiyasının fəaliyyəti haqqında, E-təhsil, E-təlim, E-dərslik, E-sinif, Video-edu.az, E-olimp, intellektual oyunlar, Valideyn.az, GreenPen.az, Community.az yerli və xarici elektron təhsil resursları, həmçinin “Elektron hökumət” portalının imkanları və istifadəsi haqqında məlumat verilmişdi. Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı elektron baza haqqında müəllimlərə təqdimat edildiyindən sonra təhsil işçiləri ilə fikir mübadiləsi aparıldı.
Sonda tədbir iştirakçılarına təhsil resurslarına aid film nümayiş etdirildi.