Dövlət Bayrağımız Günü ilə bağlı “Bayraq yürüşü” keçiriləcək

«Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim».
Bəxtiyar Vahabzadə

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

***
Bəxtiyar Vahabazdə — Bayraq

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.