E.Sərdarov
Akademik Zərifə Əliyeva adına lisey şagirdləri görkəmli alimin yubileyi üçün İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında səhnələşdirilmiş “Qərənfil” adlı xeyriyyə tamaşasını hazırladılar
Akademik Zərifə Əliyeva adına lisey Azərbaycan xalqının görkəmli alimi, ictimai xadimi, qayğıkeş ana, nəcib insan Zərifə Əliyevanın 85 illik yubileyi ərəfəsində Heydər Əliyev Fondunun dəstəyi ilə açılmışdır. «Zərifə xanımın parlaq ömür yolu liseyin hər bir üzvü üçün həyat məktəbidir. Hər il Zərifə Əliyevanın yubileyi ilə bağlı keçirilən xeyriyyə tədbirlərində liseyin şagirdləri onun əməllərinin davamçıları kimi çıxış edirlər. Bu il şagirdlərin təşəbbüsü ilə Zərifə Əliyevanın 93 illik yubileyi münasibətilə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında səhnələşdirilmiş “Qərənfil” adlı xeyriyyə tamaşası Akademik Dövlət Opera və Balet Teatrında 28.04.2016-cı il, saat 18:00-da keçiriləcəkdir»- bu haqda Akademik Zərifə Əliyeva adına Liseyin təlim tərbiyə işləri üzrə direktor müavini Leyla Fatiyeva məlumat verdi.
Bu tədbirə Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Mehriban Vəliyeva başda olmaqla, Liseyin İKT üzrə direktor müavini, Azərbaycan Respublikasının Əməkdar müəllimi Aygün Əzizova və Liseyin müəllim-şagird heyyəti böyük zövqlə və ürəklə hazırlaşıblar.
Liseyin hazırladığı tamaşada liseyin şagirdləri, teatr və rəqs dərnəklərinin rəhbərləri iştirak edirlər. Şagirdlər tamaşadan əldə olunan maliyyə ilə hər iki gözündə anadangəlmə kataraktadan əziyyət çəkən 7 yaşlı Zəhra Alxasovanın göz əməliyyatını həyata keçirməyə dəstək olacaqlar. Bu addım Zərifə Əliyevanın işıqlı xatirəsinə ən böyük töhfədir.