Sərçə yuvası (sinifdənxaric oxu üçün hekayə)

 

Nərminə Gündüzlü

 

Biri vardı, biri yox idi, balaca bir sərçə var idi. Qara, yumru gözlü bu sərçə gözəl yaz günlərində çox şən yaşayırdı. O, təzə yarpaq açmış ağacların bir budağından digərinə qonur, cikkildəyir, hərdənbir yerə enir,  balaca dimdiyi ilə torpağı eşir  və tapdığı yemi yeyirdi. İlıq yaz günəşinin şüalarından qızmış torpaq sərçəyə və onun dostlarına ləzzət verirmiş kimi torpağın üstündə qanadla­rını çırpır, sanki torpağın istisini yaxından hiss etmək istəyirdilər. Sərçələrin şən və cingiltili cikkiltiləri  gözəl bir nəğməyə bənzəyirdi.

Bu şən sərçə uzun müddət idi ki, həyətdəki ağacların birində  çör-çöpdən özünə yuva düzəldirdi. O, gələcək balalarını düşünüb yuvanı böyük bir sevgi ilə hörmüşdü.

Vaxt keçdi, yumurtadan təzə çıxmış balaları görən ana  çox sevindi.Balalar mehriban ananın qayğısı sayəsində böyüyüb  körpə qanadları ilə ana sərçənin yanında uçmağı  da öyrəndilər.

Bir dəfə ana sərçə balaları ilə yuvadan uçub ətrafı seyr etməyə getmişdi. Qayıdanda yuvalarında iyrənc bir bayquşun oturduğunu gördülər.

Ana sərçə heyrətedici bir səslə:

  -Ay bayquş, mənim evimdə nə edirsən? –deyə çikkildədi.

Bayquş:

― Bura sənin evin niyə olur? Artıq bura  mənimdir, ― deyə cavab verdi.

Ana sərçə çox təəccübləndi:

―Ay bayquş, bu yuvanı mən hörmüşəm və balalarımla burada yaşayıram!

-Səhvin var! Bura mənim yuvamdır! Özü də mənə ulu babamdan qalıb. Tez ol get mənim yuvamdan, yoxsa səni də, balalarını da məhv edərəm, ― deyib Bayquş uca səslə uladı.

Ana sərçə ah çəkib “Yersiz gəldi, yerli, qaç” məsəlini xatırladı. Kor-peşman qayıdıb balaları ilə qonşu ağacın budağında gecələdi. Balalarına soyuq olmasın deyə onları qanadlarının altına yığdı.

  Səhər  açıldı. Gözəl və günəşli  bir yaz günü idi. Ətrafı məktəbli uşaqların şən səsləri bürümüşdü.

Onlar təbiəti sevənlər idi. Bir-iki saat ərzində  uşaqlar sərçələr  və başqa quşlar üçün taxtadan gözəl yuvalar, su qabları düzəltdilər. Yuvaları rəngləyib, onlara gözəl naxışlar da vurdular. Uşaqlar düzəltdikləri yuvaları ağaclara bərkitdilər. Ana sərçə öz balaları ilə yenə də gözəl bir yuvada məskun­laşdı. İndi onların təzə yuvaları əvvəlkindən də gözəl, isti və yaraşıqlı idi. Sərçələr uşaqların ağacın aşağı hissəsinə bərkitdikləri qabdan dən yeyir,  su içir,  sevinclə  çikkildəyir və əylənirdilər.

  Bir gün axşam güclü külək əsdi. Külək Bayquşun  zəbt etdiyi  yuvanı qoparıb qarşıdakı divara elə çırpdı ki, bayquçun canı elə oradaca çıxdı. Dağılmış yuvanın çöpləri isə havaya sovruldu.

Səhəri  gün küləksiz və sakit  bir hava vardı. Süsən xala həmişəki  kimi həyəti süpürürdü. Məktəbə gedən uşaqlar bayquşun qarğalar tərəfindən yeyilmiş, didilmiş  cəsədini  gördülər. Süsən xala bayquşun   yerdə qalan sümüklərini   yığıb zibil vedrəsinə  atdı.

Uşaqlar  “Özgənin yuvasını  dağıdanın  axırı belə  olmalıdır” deyib  oradan uzaqlaşdılar.

 SUALLAR

Sərçə nəyə görə sevinirdi?

  Sərçə yuvanı nə məqsədlə tikmişdi?

 Gəzintidən qayıdan sərçə nə gördü?

 “Yersiz gəldi, yerli qaç” ifadəsini necə başa düşürsünüz?

 Bayquşun  aqibəti necə oldu?

 Buna bənzər hadisələrin şahidi olmusunuzmu?

ATALAR SÖZÜ

Dam dirək üstə durar.

Doğma yurd şirin olar.

Hər quşa öz yuvası  doğmadır.

Hər kəsə öz vətəni əzizdir.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *