Məzunların öz oxuduğu məktəblərin inkişafında fəal iştirakı üçün maarifləndirmə gücləndirilməlidir

Elçin Sərdarov

Azərbaycan Jurnalistlər Birliyinin üzvi

Ölkəmizdə məzunlarla işin təşkili ilə bağlı məlumat almaq və bu sahədə vəziyyəti öyrənmək məqsədilə Təhsil Nazirliyinin Təhsilin İnkişaf proqramları şöbəsinin mütəxəssisi İlahə Rəsulova ilə maraqlı söhbət etdik…

Həm məzunlara, həm məktəbə xeyri var…

Ümumi təhsil müəssisələrinin şagird və məzunların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir.Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir.Məzunların məktəblə əlaqələrin inkişafı, tələbə-məzun, təhlil, proqnozlaşdırma və məzun-koordinasiya- informasiya sistemlərinin yaradılması kimi vacib məsələlər Təhsil Strategiyasında öz əksini tapmışdır.

– Ilahə xanım, məktəb icmaların inkişafı nə dərəcədə bizim cəmiyyət üçün vacibdir və burda məzunlarla işə hansı rol ayrılır?

– Tədrisin keyfiyyətinə bir sıra amillər təsir edir. Onlardan da biri və ən vacibi məktəb icmasıdır. Məktəb icmasının – müəllim, valideyn və şagird  əməkdaşlığının məktəb mühitinin formalaşmasında və şagirdlərin təlim-tərbiyəsində rolu əvəzsizdir. Xüsusilə də, bu üçlüyün birgə fəaliyyəti məktəbdənkənar sosial layihələrin icrasında çox effektivdir. Düşünürük ki, məktəb mühitinin formalaşamasında məktəb məzunları ilə əməkdaşlıq etmək çox vacibdir. Bu,  bir tərəfdən məzunlarla məktəb arasındakı əlaqələrin möhkəmlənməsinə və gələcəkdə məzun şəbəkəsinin məktəblə əməkdaşlığına kömək edəcək, digər tərəfdən isə məktəbdən kənar sosial layihələrin həyata keçirilməsinin davamlılığını təmin edəcək.

Hansı məktəblərdə siz məzunlarla işin inkişaf etdirilməsində köməklik edirsiniz?

– Məzunlarla iş iki istiqamətdə aparılır – hal-hazırda universitetlərdə təhsil alan gənc məzunlar və artıq karyera qurmuş orta nəsil məzunlar.  Gənc məzunlarla artıq işlər görülür. Onların iştirakı ilə bir neçə məktəbdə məktəbdənkənar sosial fəaliyyətlər həyata keçirilir. Fizika, riyaziyyat və informatika təmayüllü lisey, A.S. Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya, S. Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyada və Kimya və biologiya təmayüllü liseydə bu fəaliyyətlərə artıq başlanılıb. FRİTL-da karyera qurmuş orta nəsil məktəb məzunları ilə şəbəkənin qurulması sahəsində isə hələ yeni addımlar atılır.

Bu sahədə hansı işlər görülüb?

– Fizika, riyaziyyat və informatika təmayüllü liseydə bir neçə dərnək – debat klubu, ingilis dilində danışıq klubu fəaliyyət göstərir, intellektual oyunlar keçirilir. Bununla yanaşı bir neçə qısa müddətli layihələr – peşəseçimi ilə bağlı seminarlar, fərdi inkişafla bağlı təlimlər keçirilmişdir. S. Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyada – debat, müxtəlif mövzularda (fərdi inkişaf, komanda quruculuğu və s.) təlimlər və qısa müddətli layihələr həyata keçirirlər. A.S. Makarenko adına humanitar təmayüllü gimnaziya və Kimya və biologiya təmayüllü liseydə isə hələlik bu işlər yeni qurulur. Amma hər iki məktəbdə qısa müddətli layihələr həyata keçirilib.

Məktəblərdə məzunların iştirakı ilə həyata keçirilmiş hər hansı bir maraqlı tədbirləri və yaxud aksiyaları qeyd edə bilərsinizmi?

– Debat, ingilis dili klublarını davamlı olmasını uğurlu saymaq olar. Ancaq bu əməkdaşlıq yeni qurulduğundan düşünürük ki, daha yeni-yeni davamlı layihələrə imza atılacaq.

Bu sahədə qabaqçıl ölkələrin təcrübəsi varmı?

 – Dünyanın bir çox ölkələrində məzunlarla iş artıq formalaşıb. Məktəblərdə qurulumuş məzunlar assosiasiyaları məktəbin idarəolunmasında, məktəbin həyatında çox önəmli rol oynayırlar. Məzun şəbəkəsinin idarə heyəti olur və bu könüllü şəkildə assosiasiyaya üzv olan məzunlar şəbəkəsinin genişlənməsi, onları mütəmadi olaraq məktəb həyatında baş verən yeniliklərlə tanış etmək, məktəbdaxili  müxtəlif sosial tədbirləri dəstəkləməsi ilə məşğul olur. Onların verdikləri üzvlük haqqları və könüllü şəkildə etdikləri ianələr məktəb fondunda toplanır ki, bu da məktəbin özünü maliyyələşdirmə işinin qurulmasına öz töhfəsini verir. Həmin ölkələrdə məzun assosiyasiyasının məktəbə dəstəyi, şagirdlərin uğurlu gələcəyinin qurulmasında mühüm rolu artıq öz təsdiqini tapmışdır.

Məzunların məktəbin ictimai həyatına cəlb olunmağında hansı problemlər görürsünüz?

 – Bütün sahələrdə olduğu kimi, məzunların məktəbə cəlb edilməsinin də öz çətinlikləri var. İlkin olaraq məktəbdə məzun statistikasının sistemli olmaması, çox vaxt onlara əlaqə qurmaqda çətinlik yaradır. Bəzən gənc məzunların  könüllü əsaslarla məktəbdəki fəaliyyətlərin idarə olunmasına cəlb etmək  rastlaşdığımız çətinliklər arasındadır. Lakin məzunlar başa düşməlidirlər ki,  sosial layihələri könüllü şəkildə icra etmək, onlar üçün  təcrübə toplamaqdır və  bu,  onların gələcək karyerasında ilk addımlar ola bilər. Buna görə inanırıq ki, bu işi indidən qurmaq gələcəyin məzunu olacaq hal-hazırda təhsil alan şagirdlərin məktəblə olan əməkdaşlığını daha asan edəcək.

Növbəti ilə hansı tədbirlər planlaşdırılıb?

– Bu il hələlik gənc məzunlarla məktəbdəki sosial fəaliyyətlərin sayını və məzmunu zənginləşdirmək və növbəti addım kimi artıq məzun assosiyasının ilk bünövrəsini qurmaqdlr.  İnanırıq ki, ilk qurulacaq məzun assosiyasinın işi uğurlu olacaq və artıq digər məktəblərə də bu təcrübə yayılacaq. Məktəbin idarəolunması, onun daha da uğurlu olması üçün məktəb icması ilə yanaşı, məzun şəbəkəsi də çox önəmlidir.

Sizin məzunlara tövsiyyələriniz?

-Bilirəm ki, bir çox məzunlarda həmişə məktəblə bağlı nostalji hissləri olur və onlar əslində məktəblə əməkdaşlıq etmək istəyirlər. Amma istək hələ işin başlanğıcıdır. Ən əsası təşəbbüs göstərmək, məktəbdə təhsil alan, gələcəyimizin təməlini qoyacaq şagirdlərin  hərtərəfli inkişafı, dünyagörüşünün artması üçün və ən önəmlisi hər birimizin daxilində olan  sosial məsuliyyəti dərk edərək əməli işə keçməkdir. Bu fəaliyyət bizim məktəblər üçün yenidir, lakin onun daha sistemli və uğurlu olacağına inanırıq.

Hər bir məsələdə olduğu kimi Təhsil Strategiyasından irəli gələn məqsəd və vəzifələri həyata keçirmək üçün, həmçinin məzunların öz oxuduğu məktəblərin inkişafı ilə bağlı işlərdə fəal rol oynamaqları üçün bu sahədə maarifləndirmə işləri davam etdirməlidir, ictimai dəstək qazanması və reallaşması üçün effektiv icra mexanizmləri işlənib tətbiq edilməlidir. Bu işdə iştirak edən bütün maraqlı tərəflərə uğurlar!

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *