Ekologiya və Təbii Sərvətlər nazirliyi ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini prioritet istiqamətlərdən biri sayır

Ekologiya və Təbii Sərvətlər nazirliyindən GreenPen.az saytına bildirdilər ki, ətraf mühitin mühafizəsi sahəsindəki nazirliyinin çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biri kimi qəbul edilir. Məlumata əsasən, nazirlik tərəfindən 2013-cü il ərzində əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda 1200-dən artıq kütləvi tədbir həyata keçirilmişdir.

Qeyd etmək olar ki,  ətraf mühitin vəziyyəti, bu sahədə olan problemlər, onların aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda “Yaşıllıqların mühafizəsi”, “Uşaqlara təmiz su — təmiz həyat”, “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “İnsan və Təbiət”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Ətraf mühitin mühafizəsi — sağlamlığımıza təminatdır”, “5 iyun “Ümumdünya ətraf mühit” günüdür”, “Selin yaranma səbəbləri və ona qarşı mübarizə tədbirləri”, “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ekologiya və təbiət ərazilərinin inkişafına göstərdiyi diqqət və qayğı” və s. mövzularda ekoloji təbliğat xarakterli seminarlar, dəyirmi masalar, görüşlər təşkil olunmuş, ekoloji təqvim günlərində ekoloji təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir.

Hesabat ilində ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin, yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması məqsədilə 30-dan artıq ali təhsil müəssisəsində ətraf mühit sahəsində təhsil alan tələbələrdən ibarət “Ekoklub”lar yaradılmışdır.

Qeyd olunanlarla bərabər, 2013-cü ilin 20-22 noyabr tarixində “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” mövzusunda Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilmiş, ətraf mühit haqqında məlumatları özündə əks etdirən 2000 ədəddən artıq buklet və broşur sərgi ziyarətçiləri arasında paylanılmışdır.

Orxus İctimai Ekoloji İnformasiya Mərkəzlərində Bakı, Gəncə və Qazax şəhərlərində  ətraf mühitə dair siyasətin formalaşması istiqamətində hökumət və qeyri-hökumət təşkilatları arasında görüşlər təşkil edilmiş, bu sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar arasında əlaqə yaradılmasına köməklik göstərilmiş, QHT-lər üçün ədəbiyyat və internet resurslarından ödənişsiz istifadə imkanı yaradılmışdır. İl ərzində respublika ərazisində fəaliyyət göstərən Orxus mərkəzlərində 25 seminar-məşğələ, dəyirmi masa, digər kütləvi tədbirlər keçirilmiş, 950 nəfərdən artıq QHT, ziyalı, tələbə və digər ictimaiyyət nümayəndələri qeyd olunan xidmətlərdən istifadə etmək məqsədilə Orxus mərkəzlərinə müraciət etmişlər. 

Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində, həmçinin regionlarda ali təhsil müəssisələrinin tələbələri və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması məqsədilə ictimai müzakirələr keçirilmişdir. Ümumilikdə 2013-cü il ərzində Nazirliyin fəaliyyətini əks etdirən, eləcə də əhalini maraqlandıran ətraf mühit məsələlərini əks etdirən 510 press-reliz Nazirliyin internet səhifəsində yerləşdirilmiş, KİV-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini, həmçinin ətraf mühitin vəziyyətini əks etdirən 3600-dən artıq material dərc olunmuş, həmçinin televiziya və radiolarda müxtəlif ekoloji mövzularda çıxışlar təşkil edilmişdir.

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *