Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Konstitusiyanın 78-ci maddəsinə görə ətraf mühitin qorunması hər bir şəxsin borcudur.Ölkədə ekologiyaya və ətraf mühitin mühafizəsinə dair bir sıra qanunlar və bundan irəli gələrək qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin normativ hüquqi aktları mövcuddur.
“Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yerin təki haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ovçuluq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Meşə Məcəlləsi, Su Məcəlləsi, Torpaq Məcəlləsi və bunlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar ekologiya və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə əlaqədar münasibətləri tənzimləyir. Bu qanunvericilik aktları respublikada həmin sahənin hüquqi əsaslarını müəyyən etməklə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə birgə hüquqi baza rolunu oynayır.
Ekologiya və Təbii Sərvətlər nazirliyinin www.eco.gov.az saytında yerləşdirildiyi məlumatda deyilir ki, son illərdə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normativ hüquqi aktların ölkənin qoşulduğu beynəlxalq müqavilələrin (konvensiya və s.) müddəalarına, həmçinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüş və qanunvericilik işləri planlarına uyğun olaraq həyata keçirilməkdədir. Belə ki, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər olunaraq istehsalat və məişət tullantılarının idarə edilməsi Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”nın müddəalarına uyğun olaraq təkmilləşdirilmiş, bununla bağlı qanunda bir sıra əlavə anlayışlar verilmişdir. Bundan irəli gələrək digər qanunvericilik aktlarında dəyişikliklər aparılmışdır.
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər olunaraq qanuna ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması və ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələri kimi ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarını müəyyən etmək müddəaları əlavə edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə inzibati cərimə nəzərdə tutan maddə əlavə olunmuşdur.
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilmişdir. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər olunmuş və qanuna vəhşi heyvanların, xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və ya digər qanunsuz yollarla əldə etməklə, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda, həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürüldükdən sonra onların reabilitasiyasına çəkilmiş xərcləri ödəməyin heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələrindən olması barədə müddəa əlavə edilmişdir.
Təbiət istifadəçilərinin məsuliyyətini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilərək “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” fəsli üzrə inzibati cərimələr artırılmışdır.
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilmişdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən məcəllənin şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəaları həmin məsələlərlə əlaqədar qanun qəbul edildikdən sonra qüvvəyə minəcəkdir. İqtisadi və digər təsərrüfat fəaliyyətinin ətraf mühitə və insan sağlamlığına ola biləcək təsirinin və onun nəticələrinin ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun öyrənilməsi məqsədi ilə həyata keçirilən ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edən və bu sahədə münasibətləri tənzimləyən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi işlənib hazırlanmış, aidiyyəti üzrə dövlət qurumları ilə razılaşdırılmış və layihəyə hazırda Azərbaycan Respublikasının Milli Məclisində baxılır. Qanun layihəsində Birləşmiş Millətlər Təşkilatının “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiyanın və onun əlavələrinin müddəaları nəzərə alınmış, ətraf mühitə təsirin qiymətləndirilməsinin obyekti olan təsərrüfat (iqtisadi) fəaliyyəti növlərinin siyahısı verilmiş və həmin sahənin tənzimlənməsi mexanizmi təsbit edilmişdir.
Azərbaycan Respublikasında insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) mühafizəsi, qeydiyyatı, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ictimai müzakirədən keçərək aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış və Qanun layihəsinə hazırda Milli Məclisdə baxılır.“Atmosfer havasının keyfiyyəti və Avropa üçün daha təmiz hava haqqında” Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 2008-ci il 21 may tarixli 2008/50/EC nömrəli Direktivinə əsasən atmosfer havasının keyfiyyətinin qiymətləndirilməsinə və idarə olunmasına dair icbari şərtlərlə bağlı, habelə atmosfer havasının keyfiyyətinin qiymətləndirilməsi və idarə olunması qaydası və proseduruna dair müddəalar üzrə “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə göndərilmə mərhələsindədir.
“Ətraf mühitlə bağlı məlumatların sərbəst əldə edilməsi və Avropa İttifaqı Şurasının 90/313/EEC nömrəli Direktivinin qüvvədən salınması haqqında” Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 2003-cü il 28 yanvar tarixli 2003/4/EC nömrəli Direktivinə əsasən məlumatın verilməsi şərtlərinə, müraciət edənin dövlət orqanından ətraf mühitlə bağlı məlumatın spesifik forma və ya formatda təqdim olunmasını tələb edə biləcəyi hallara, ətraf mühitlə bağlı məlumatların verilməsi məqsədilə imtina səbəblərinin siyahısına və bu kimi imtina ilə bağlı bəzi tələblərin təmin edilməsinə dair müddəalarında dəyişikliyi nəzərdə tutan “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə göndərilmə mərhələsindədir.
Ətraf mühitə, əhalinin həyat və sağlamlığına təsərrüfat və digər fəaliyyətlərin neqativ təsirlərinin qarşısının alınması məqsədi ilə ekoloji auditor fəaliyyətinin həyata keçirilməsi prosesində dövlət orqanları, hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyən “Ekoloji auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmış və İctimai Ekoloji Şurada müzakirədən geçmiş, aidiyyəti üzrə təqdim olunacaqdır.
Beynəlxalq təşkilatların tövsiyələri əsasında Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında Konvensiyası”nın müddəalarına uyğun olaraq xüsusi mühafizə olunan təbiət ərazilərinin, o cümlədən milli parkların idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və ölkədə bioloji müxtəlifliyin qorunmasında, əhalinin təbii sərvətlərdən səmərəli və davamlı istifadə etməsində, ekoturizmin daha da inkişaf etdirilməsində, ekoloji təmiz məhsulların istehsalında, həmin regionun davamlı sosial-iqtisadi inkişafında mühüm rol oynayan biosfer rezervatların yaradılmasının hüquqi bazasını formalaşdırmaq üçün “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi müvafiq prosedurlardan keçərək aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr (konvensiya və sazişlər), o cümlədən Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 453-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” 2012-ci il martın 19-da imzalanmış Saziş”in müddəaları nəzərə alınmaqla, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun alim və mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə işlənib hazırlanmış “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi baxılması üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur. Bu Qanunun qəbulu ilə Azərbaycanda su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin, əmtəə məhsulu əldə edilməsi məqsədilə süni yaradılmış məskunlaşma şəraitində mayalanmış balıq kürüsünün inkubasiyası, körpələrinin bəslənməsi, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətin, yəni akvakulturanın inkişafı üçün ölkəmizdə hüquqi baza yaranacaqdır.