Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı Jurnalist yazıları müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda aşağıdakı istiqamətlər üzrə jurnalist yazıları müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi:

Müsabiqənin məqsədi ölkəmizdə qarşıdakı illərdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamət və hədəflərinin məzmun və mahiyyətinin KİV vasitəsilə Azərbaycan cəmiyyətinə vaxtında və düzgün çatdırılmasına nail olmaqdan, media qurumlarının ictimaiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqənin istiqamət və mövzuları:

İstiqamətlər

Mövzular

1.

Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması

1. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması;
2. Uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması;
3. 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi;
4. İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması;
5. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi.
2.

Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, səriştəli təhsilverənlərin formalaşdırılması

1. Təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması;
2. Müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı;
3. Səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması;
4. Müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi;
5. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi.
3.

Təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması

1. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması;
2.  Təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin yaradılması;
3.  Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması:
4.  Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi;
5. Təhsil müəssisələrinin reytinq sisteminin yaradılması.
4.

Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması

1. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması;
2. Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması;
3. Müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması;
4. Kampusların yaradılmasının təşviqi;
5. Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi.
5.

Təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirmə mexanizminin  qurulması

1. Büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması;
2. Aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılması;
3. Müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması;
4. Təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid;
5. Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması.

 

Müsabiqədə iştirak:

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:

1.Yazı elan edilmiş mövzulardan birini əhatə etməlidir (elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir);

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi «qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir;

4. Yazıda «Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir;

5. İnformasiya agentliklərində və xəbər portallarında işləyən jurnalistlər öz yazılarını işlədikləri  KİV-in rəsmi internet saytında yerləşdirməlidirlər;

6. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), informasiya agentliklərində və xəbər portallarında işləyən jurnalistlərin yazıları A4 formatda çap olunaraq (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (12 ölçülü Times New Roman şrifti ilə, diskdə) variantları təqdim olunmalıdır;

7. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır;

8. Yazılar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Sənədlərin qəbulu 11 fevral 2014-cü il tarixindən başlayır, 11 mart 2014-cü il tarixində başa çatır.

Sənədlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək qəbul olunur.

Tələb olunan sənədlər

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.

2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmaqla).

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Qiymətləndirmə meyarları:

— mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

— materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

— yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

— jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

— ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

Hər istiqamət üzrə,

I yer — (5 nəfər) 1000 manat;

II yer — (5 nəfər) 700 manat;

III yer — (5 nəfər) 500 manat;

Həvəsləndirici mükafat — (ümumilikdə 10 nəfər) 200 manat.

Qaliblər, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Əlavə:

İştirakçı haqqında məlumat cədvəli

Mənbə:  www.edu.gov.az saytı

 

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.